|
Badımcanı kub şəklində doğrayıb duzlayın, 0,5-1 saat saxlayın ki, acılığı çıxsın və sonra yuyun. Kartofu təmizləyib, kublara bölün.
 
Baş soğanı təmizləyib həlqəvi doğrayın və orta alovda qızardın. Soğan “ölən kimi” sarıkök, duz və istiotu əlavə edin (ölü soğan o demıkdir ki, yumşalsın və yarışəffaf olsun). Sonra kartofu əlavə edin və kütləni qarışdırın, 5 dəqiqə qovurandan sonra badımcanı da qatın. Bütün tərəvəzi yaxşıca qarışdırıb üstünə 3-4 qaşıq su tökün və qabı qapaqla örtün.
Ehtiyac duyularsa, bitki yağı əlavə edin. Badımcan sanki yağı “udur”. Vaxtaşırı qarışdırın ki, dibi yanmasın. Kartofun bişməsini yoxlayın. Əgər bişməyibsə, yenə su əlavə edin.
Kartof yarıbişmiş olan kimi tomat pastasını əlavə edin (suda qarışdırıılmış). Xörəyin qatılığı orta olmalıdır – nə çox sulu, nə də çox qatı. Qapağı örtüb zəif odda vaxtaşırı qarışdıraraq qızardın. Kartof bişibsə, deməli xörək hazırdır.
Badımcan çığırtması süfrəyə müxtəlif məqsədlərlə verilə bilər. Ayrıca sərbəst yemək kimi, plovun qarası və ya xəngələ xuruş kimi, yaxud da ətə qarnir kimi bu xörək çox ləzzətlidir.
Nuş olsun! |